Türkiyə Super Liqasının IV turunda “Qaziantep FK”ya öz meydanında 2:4 hesabı ilə məğlub olan “Göztəpə”də gərginlik səngimir. Qarşılaşmada qapısından dörd top buraxdıqdan sonra azarkeşlərin sərt etirazı ilə üzləşən gürcü qapıçı Luka Quqeşaşvili sosial şəbəkədə diqqətçəkən açıqlama yayıb.
Quqeşaşvili meydanda göstərdiyi mübarizənin və xarakterinin heç kim tərəfindən şübhə altına alına bilməyəcəyini bildirib.
“Mən meydanda həmişə son fitə qədər mübarizə aparan futbolçuyam. Bəzən hər şey istədiyimiz kimi gedir, bəzən isə yox. Futbolda yaxşı günlər də, pis günlər də olur. Amma heç kim mənim mübarizəmi, xarakterimi və bu forma üçün çəkdiyim əziyyəti sorğulaya bilməz”, – qapıçı yazıb.
O, tribunadan ünvanına səslənən etirazlara da sərt reaksiya verib:
“Bu gün etdiyiniz azarkeşlik deyil. Əlbəttə, bu klubu həqiqətən sevən və hər şəraitdə komandasının yanında olan əsl ‘Göztəpə’ azarkeşləri də var. Onlara sonsuz hörmətim və sevgim var”.
Açıqlamanın ən çox diqqət çəkən hissəsi isə Quqeşaşvilinin sosial şəbəkədə onu tənqid edənlərə ünvanladığı sözlər olub:
“Klaviatura arxasında gizlənib danışanlara yalnız bir sözüm var: Həyat uzundur, dünya kiçikdir. Bir gün mütləq küçədə və ya başqa bir yerdə qarşılaşacağıq...”


