Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlayıblar.
Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Mumbay–Bakı aviareysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşının əl yükü və baqajı stasionar rentgen qurğusu vasitəsilə yoxlanılıb.
Baxış zamanı vətəndaşa məxsus karton qutunun içərisində olan sobanın müxtəlif hissələrində gömrük nəzarətindən gizlədilmiş dərman preparatları aşkarlanıb.
Aşkarlanan dərman vasitələrinin ümumi dəyəri 77 min 920 manat təşkil edib.
Faktla bağlı araşdırma aparılır.

