Şimali Kipr sahillərində baş verən gəmi qəzasında ölənlərin sayı 14-ə çatıb. Daha 14 nəfər isə itkin düşmüş hesab olunur.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Onun sözlərinə görə, faciədən sonra 239 nəfəri xilas etmək mümkün olub.
Ərdoğan bildirib ki, Türkiyə Şimali Kipr Türk Respublikası ilə birgə axtarış-xilasetmə işlərini davam etdirir. Hazırda əməliyyatlara 9 gəmi və 11 hava nəqliyyatı vasitəsi cəlb olunub.
Qəza ilə bağlı gəminin kapitanı da daxil olmaqla 8 ekipaj üzvü saxlanılıb. Türkiyə Prezidenti istintaq və məhkəmə prosesinin aidiyyəti dövlət qurumları tərəfindən yaxından izlənildiyini bildirib.
Faciə avqustun 30-da Girnə sahillərində baş verib. “Filo Jet” adlı sərnişin gəmisi limandan ayrıldıqdan qısa müddət sonra su almağa başlayıb və geri qayıtmağa çalışarkən batıb. Son məlumata görə, 14 nəfərin axtarışı davam etdirilir.

