İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon Nyu-York meri Zohran Mamdaninin zorakılığa təhrikə görə həbs edilməli olduğunu bildirib.
“The Times”ın məlumatına görə, Danon Mamdanini İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-a gözlənilən səfəri ərəfəsində şəhərdə “xaos yaratmaqda” və yəhudilərə qarşı hücumları təşviq etməkdə ittiham edib.
“Şəhərin yeni meri nümayəndə heyətinin səfərini təşkil etmək və dəstəkləmək əvəzinə etirazlara çağırır və küçələrdə daha çox xaosa səbəb olur. O, bizim baş nazirimizin həbsinə çağırıb. Amma hesab edirəm ki, kimsə həbs edilməlidirsə, bu, elə merin özü olmalıdır”, – Danon bildirib.
Daha əvvəl Mamdani administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahu barəsində verdiyi həbs orderinin Nyu-York şəhəri tərəfindən icrası üçün müstəqil hüquqi səlahiyyətin olmadığını müəyyən etdiyini bildirmişdi. Administrasiya İsrail baş nazirinin Nyu-Yorka səfəri zamanı mümkün hüquqi mexanizmləri araşdırıb.

