Dünyanın öz oxu ətrafında fırlanma sürətində baş verən dəyişikliklər qlobal vaxt ölçmə sistemində yeni qaydaların tətbiqini gündəmə gətirib.
“The Guardian” nəşrinin məlumatına görə,1955-ci ildə sezium atom saatlarının hazırlanması ilə zamanın ölçülməsində son dərəcə yüksək dəqiqlik dövrü başlayıb. Lakin okean axınları, Yerin ərimiş nüvəsi və təbii qüvvələrin təsiri nəticəsində planetin öz oxu ətrafında fırlanma sürəti dəyişməkdə davam edir.
Tarixən Yerin fırlanma sürəti tədricən azalsa da, son on ildə gözlənilmədən artmağa başlayıb. Bu isə atom saatları ilə planetin fırlanmasına əsaslanan vaxt hesablaması arasındakı fərqi yenidən gündəmə gətirib.
61 saniyəlik dəqiqələr texnoloji problemlər yaratdı
İndiyədək bu fərqi aradan qaldırmaq üçün saatlara müəyyən vaxtlarda bir saniyə əlavə edilməsi və ya çıxarılması nəzərdə tutulurdu.
“Əlavə saniyə” adlanan tətbiq nəticəsində bəzi dəqiqələr 61 saniyə davam edib. Bildirilir ki, bu dəyişiklik keçmişdə Reddit və LinkedIn kimi platformalarda sistem nasazlıqlarına, uçuşların gecikməsinə və qlobal rabitə şəbəkələrinin fəaliyyətində fasilələrə səbəb olub.
Mütəxəssislər Yerin fırlanma sürətinin artması ilə əlaqədar indiyədək sınaqdan keçirilməyən “mənfi əlavə saniyə”, yəni vaxt hesablamasından bir saniyənin çıxarılması ehtimalına da diqqət çəkiblər.
Belə bir düzəlişin texnoloji sistemlərdə daha ciddi problemlər yarada biləcəyi bildirilib.
Qlobal vaxt sistemində yeni dövr
Versalda keçirilən konfransda qəbul olunan qərara əsasən, atom saatları ilə Yerin fırlanmasına əsaslanan vaxt arasındakı fərq bir saata çatana qədər müdaxilə edilməməsi prinsipi qəbul olunub.
Bununla da saatlara mütəmadi olaraq saniyə əlavə etmək və ya çıxarmaq ehtiyacının aradan qaldırılması hədəflənir.
Rəsmilərin sözlərinə görə, Yerin hazırkı fırlanma sürəti nəzərə alındıqda ilk “əlavə saat” düzəlişinə ehtiyac yaranması minlərlə il çəkə bilər.
Dəyişiklik gündəlik həyatımıza təsir edəcəkmi?
Qlobal vaxt sistemində nəzərdə tutulan dəyişikliklərin insanların gündəlik həyatına birbaşa təsir göstərməsi gözlənilmir.
Smartfonların, kompüterlərin və qol saatlarının göstərdiyi vaxt dəyişməyəcək. İşə, məktəbə və ya görüşlərə getmək saatlarında da heç bir fərq olmayacaq.
Yeni qaydalar atom saatlarının işləmə mexanizmindən daha çox internet infrastrukturu, qlobal birjalar, peyk rabitəsi və aviasiya şəbəkələrində istifadə olunan texniki vaxt tənzimləmələrini əhatə edir.

