ABŞ-ın federal böyük andlılar kollegiyası Ağ Ev ərazisində keçirilən UFC tədbirinə hücum planlaşdırmaqda şübhəli bilinən 8 nəfərə qarşı ittiham irəli sürüb.
Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Ohayo dairəsində hazırlanan ittiham aktında şübhəlilər vahid cinayət işi üzrə birləşdirilib. Onlara qarşı iki əsas ittiham irəli sürülüb: terrorçulara maddi dəstək göstərmək məqsədilə əlbir olmaq və federal ərazidə qətl törətmək məqsədilə əlbir olmaq.
İş materiallarına əsasən, hazırlıqlar may ayında başlayıb. İddiaya görə, qrup üzvləri silah, döyüş sursatı, partlayıcı maddələr, pilotsuz uçuş aparatları, rabitə vasitələri və qoruyucu ləvazimatlar əldə ediblər.
İstintaq bildirir ki, şübhəlilər kənar konspirologiya nəzəriyyələrinə inanır və Prezident Donald Trampın iştirak etdiyi kütləvi tədbirə hücumun federal institutlarda sabitliyi poza biləcəyini hesab edirdilər.
AP agentliyinin yazdığına görə, mümkün təhlükə barədə məlumat hüquq-mühafizə orqanlarına iyunun 10-da — Freedom 250 tədbirindən dörd gün əvvəl daxil olub.
İstintaq versiyasına əsasən, plan partlayıcı ilə təchiz olunmuş dronlardan istifadəni, daha sonra isə tamaşaçılara atəş açılmasını nəzərdə tuturdu. Qrup üzvləri arasında əlaqə onlayn çatlar vasitəsilə saxlanılıb. Şübhəlilərin bir hissəsinin atış və taktiki hazırlıq keçdiyi bildirilir.
Tədbirin keçirildiyi günlərdə Ohayo, Missuri, Nebraska və Kaliforniya ştatlarında 5 şübhəli saxlanılıb. Daha iki nəfər isə bir həftə sonra həbs edilib.
İş üzrə səkkizinci şəxs Qərbi Virciniyadan olan 21 yaşlı Çandler Skaggs olub. İstintaqın məlumatına görə, ona hücum planında snayperlərdən biri rolu ayrılmışdı.
Terrorçulara maddi dəstək göstərmək məqsədilə əlbir olmaq ittihamı üzrə maksimum cəza 15 il azadlıqdan məhrumetmə, qətl məqsədilə əlbir olmaq ittihamı üzrə isə ömürlük həbs nəzərdə tutur.

