Türkiyədə Ağrı dağının yaxınlığında aparılan arxeoloji araşdırmalar zamanı Nuhun gəmisinə aid ola biləcəyi ehtimal edilən yeni tapıntılar aşkar edilib.
“Science XXI” nəşrinin məlumatına görə, tədqiqatçılar Ağrı vilayətinin Doğubayazıt rayonu yaxınlığındakı Durupınar geoloji formasiyasında təxminən doqquz metr dərinlikdə yanmış ağac parçaları tapıblar.
Sivas Cümhuriyyət Universitetinin professoru Cenkər Atılanın rəhbərliyi ilə aparılan tədqiqatlar çərçivəsində ərazi xüsusi radar vasitəsilə araşdırılıb.
Yeraltı skan zamanı dəhlizləri xatırladan anomal quruluşlar və ehtimal edilən üçüncü səviyyə müəyyənləşdirilib.
Tədqiqatçıların fikrincə, bu quruluşlar Nuhun gəmisinin üç göyərtəli olması barədə dini mənbələrdəki təsvirlə müəyyən oxşarlıqlar daşıyır.
Lakin alimlər tapıntıların Nuhun gəmisinə aid olduğunu hələlik təsdiqləməyiblər. Belə formaların təbii geoloji proseslər nəticəsində yaranması da mümkündür.

