“Microsoft”un həmtəsisçisi Bill Qeyts ABŞ-də tullantı poliqonlarının idarə olunması ilə məşğul olan “Republic Services” şirkətindən 2,6 milyard dollar dividend gəliri əldə edib. Halbuki şirkətin obyektlərində çoxsaylı metan qazı sızmaları aşkarlanıb.
Bu barədə “ProPublica” nəşrinin apardığı jurnalist araşdırmasında məlumat verilib.
Araşdırmaya əsasən, Bill Qeytsin şirkətdəki payı 38 faizə çatıb, ona məxsus səhmlərin dəyəri isə 29 milyard dollar qiymətləndirilir.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) müfəttişləri 2020-ci ildən etibarən şirkətin təxminən 200 tullantı poliqonundan azı 39-nu yoxlayıblar.
Yoxlamalar zamanı metan qazının konsentrasiyasının icazə verilən həddi aşdığı 1400-dən çox sahə müəyyən edilib. Bəzi hallarda göstəricilər federal normalardan 100–300 dəfə yüksək olub ki, bu da partlayış təhlükəsi yaradıb.
“Republic Services” şirkətinin nümayəndəsi Rob Litt bildirib ki, müəssisə ekoloji pozuntuların aradan qaldırılması üçün yüzlərlə ətraf mühit mütəxəssisi və mühəndis cəlb edir.
Bununla belə, araşdırmada qeyd olunur ki, şirkət tullantı poliqonlarına üzvi tullantıların göndərilməsinin məhdudlaşdırılmasına qarşı çıxıb. Belə ki, üzvi tullantılar oksigensiz mühitdə parçalandıqda güclü istixana qazı olan metan əmələ gəlir.

