Türkiyənin məşhur aktrisası Türkan Şorayla bacısı Nazan Şoray arasında küsülülük yaşandığına dair yayılan iddialara aydınlıq gətirilib.
Türkiyə mediasının məlumatına görə, Nazan Şoray bacısı ilə münasibətlərinin pozulduğu barədə şayiələri təkzib edərək aralarında heç bir inciklik olmadığını bildirib.
“Qoy şayiələr yayılsın, buna heç nə edə bilmərik. Amma mən bacıma aşiqəm”, – deyə Nazan Şoray bildirib.

O, Türkan Şorayla münasibətlərinin hər zaman yaxşı olduğunu vurğulayaraq aralarında küsülülük yaşanmasının mümkün olmadığını söyləyib.
“Belə bir şeydən söhbət gedə bilməz. Bizim aramızda qarşılıqlı hörmət var”, – deyə sənətçi qeyd edib.
Nazan Şoray ailə münasibətlərində hörmətin xüsusi əhəmiyyət daşıdığını da bildirib.

“Biz çərkəz əsilli ailədən olduğumuz üçün böyüklərimizə hörmət hər zaman birinci yerdə dayanır. Ona görə də mən bacımın qarşısında heç nəyə ‘yox’ deyə bilmərəm”, – deyə o əlavə edib.
Sənətçi Türkan Şoraya sevgisinin illər keçsə də dəyişmədiyini və bacısı ilə aralarında güclü bağ olduğunu vurğulayıb.

