ABŞ-nin Kaliforniya ştatının Santa-Barbara şəhərində keçirilən yarımmarafondan sonra 27 iştirakçı səhhətində yaranan problemlərlə əlaqədar təcili tibbi yardıma müraciət edib.
Associated Press agentliyinin məlumatına görə, noyabrın 8-də keçirilən yarışdan sonra idmançıların bir neçəsində oxşar və qeyri-adi simptomlar müşahidə olunub. Onların xəstələnməsinin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.
İlkin məlumatlarda 19 nəfərin xəstəxanaya müraciət etdiyi bildirilsə də, sonradan bu rəqəm 27-yə yüksəlib.
Yarışın təşkilatçısı Devid Moniko bildirib ki, bu il iştirakçıların sayı əvvəlki illərlə müqayisədə daha çox, hava isə daha isti olub. Onun sözlərinə görə, idmançıların bir qismində həddindən artıq isinmə və susuzlaşma əlamətləri qeydə alınıb.
Hadisə ilə bağlı sosial şəbəkələrdə yarış iştirakçılarına paylanan suyun çirkləndirilmiş ola biləcəyi iddiaları yayılıb. Lakin bu ehtimalı təsdiqləyən heç bir sübut aşkarlanmayıb.
Yarış marşrutu boyunca idmançılara su, elektrolitli içkilər və enerji gelləri təqdim edilən səkkiz məntəqə fəaliyyət göstərib.
Santa-Barbara polisi hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. Yerli səhiyyə qurumları isə ilkin qiymətləndirməyə əsasən, xəstələnmə hallarının isti hava şəraiti və fiziki yüklənmə ilə əlaqəli ola biləcəyini bildiriblər.
Son məlumatlara görə, xəstəxanaya müraciət edən 27 nəfərdən 24-ü evə buraxılıb, üç nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

