D3 vitamininin xroniki stressin mənfi təsirlərini azaltmaqda effektivliyi onun günün hansı saatında qəbul edilməsindən asılı ola bilər.
Bu nəticəyə gələn alimlərin araşdırması “Food & Function” elmi jurnalında dərc olunub.
Tədqiqat zamanı dörd həftə ərzində xroniki stressə məruz qoyulan siçanlar üzərində təcrübə aparılıb. Heyvanlara hər gün səhər və ya axşam saatlarında D3 vitamini verilib.
Alimlər onların davranışlarını, sinir sisteminin vəziyyətini, yuxu müddətini və bioloji saatlarının fəaliyyətini qiymətləndiriblər.
Nəticələr göstərib ki, D3 vitamini stressin yaratdığı pozuntuları azaltmağa kömək etsə də, axşam saatlarında qəbulu səhər qəbulundan daha effektiv olub.
Axşam D3 vitamini qəbul edən heyvanlarda narahatlıq və depressiyaya bənzər davranış əlamətləri azalıb. Həmçinin beynin yaddaş və öyrənmə proseslərində iştirak edən hippokamp nahiyəsinin vəziyyətində yaxşılaşma müşahidə olunub.

Bundan əlavə, vitaminin axşam verilməsi yuxu müddətinin və serotonin istehsalının bərpasına, eləcə də iltihabi proseslərin azalmasına müsbət təsir göstərib.
Əlavə təhlillər zamanı müəyyən edilib ki, bu nəticələr D3 vitamininin orqanizmin bioloji saatına təsiri ilə əlaqəli ola bilər. Xüsusilə axşam qəbulu qaraciyərdə müəyyən genlərin gündəlik fəaliyyət ritmlərinin bərpasında daha təsirli olub.

