ABŞ-də yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı cinayətlərə görə mühakimə olunarkən 2019-cu ildə həbsxanada ölü tapılan Ceffri Epşteynin gənc qadınlarla əlaqə yaratmaq üçün model agentliklərindən istifadə etdiyi üzə çıxıb.
BBC-nin apardığı yeni araşdırmada Epşteynin model agentlikləri ilə əlaqələrinə dair sənədlər və cinsi istismara məruz qaldıqlarını bildirən qadınların ifadələri təqdim olunub.
“BBC Eye” araşdırma qrupu ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi sənədləri və zərərçəkmiş qadınların ifadələrini araşdırıb.
18 yaşında Epşteynin evinə göndərilib
Özbəkistandan ABŞ-yə köçən Roza adlı qadın bildirib ki, 2009-cu ildə, cəmi 18 yaşı olarkən əməkdaşlıq etdiyi “MC2 Model Management” agentliyi onu iki fotosessiya üçün Epşteynin Floridadakı evinə göndərib.
Onun sözlərinə görə, çəkilişlərdən sonra Epşteynin köməkçisi kimi işləməyə başlayıb və dəfələrlə cinsi zorakılığa məruz qalıb.
“Agentliyimin vəzifəsi məni qorumaq idi, amma bunu etmədilər. Əksinə, məni təhlükəyə atdılar. Buna görə cavab verməlidirlər”, – deyə Roza bildirib.
Qadın həmin dövrdə agentliyin rəhbəri olan Ceff Fullerin onun hara göndərildiyini bildiyini iddia edib. BBC-yə təqdim edilən xərc sənədində ikinci fotosessiyadan sonra geri dönüş biletinin Fuller tərəfindən alındığı göstərilir.
Fuller daha əvvəl Rozanın Epşteynin evinə getməsindən və orada istismara məruz qalmasından xəbərsiz olduğunu bildirsə də, BBC-nin son suallarını cavablandırmayıb.
Model agentliyinə bir milyon dollar verilib
ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə əsasən, “MC2 Model Management” agentliyinin 10 modeli Epşteynin 2008-ci ildə cinsi cinayətlərə görə məhkum edilməsindən sonra da onunla görüşüb və ya əlaqə saxlayıb.
Sənədlərdə həmçinin Epşteynin 2005-ci ildə agentliyə bir milyon dollar verdiyi müəyyən edilib.
BBC-nin araşdırmasına görə, keçmiş model agenti Remzi Elxoli aralarında 18 yaşlı tələbənin də olduğu 34 qadını Epşteynlə tanış etməyə çalışıb.
Həmin qadınlardan biri 19 yaşında Nyu-Yorkdakı evində Epşteynlə ilk görüşü zamanı cinsi istismara məruz qaldığını bildirib.
Elxoli isə zorakılıqdan xəbərdar olması və ya buna şərait yaratması barədə iddiaları rədd edib.
BBC-yə danışan və əsl adı açıqlanmayan Şərqi Avropadan olan Simona adlı qadın Epşteynin ona 200 dəfədən çox təcavüz etdiyini iddia edib.
Onun sözlərinə görə, Epşteynlə 20 yaşında tanış olub. Həmin vaxt Nyu-Yorkda model agentliyi ilə əməkdaşlıq edən Simonaya Epşteyn dünyanın tanınmış model agentliklərindən biri olan “Next Management”ın rəhbər şəxslərindən Feyt Keytslə görüşməyi təklif edib.
Simona iddia edib ki, görüş zamanı Keyts ona estetik əməliyyat etdirməyi məsləhət görüb və bir cərrahın əlaqə məlumatlarını Epşteynə göndərib.
Bundan sonra Epşteyn onu modellikdən uzaqlaşdıraraq şəxsi köməkçisi kimi işləməyə razı salıb. Simona təxminən iki il ərzində cinsi istismara məruz qaldığını və həyatının bütün sahələrinin Epşteyn tərəfindən nəzarətdə saxlanıldığını söyləyib.
“İnsanlar düşünürlər ki, biz maddi qazanc və ya nüfuz əldə etmək üçün bu istismara razı olmuşuq. Amma bu, doğru deyil. Biz ağır psixoloji travmalarla baş-başa qalmışıq”, – deyə qadın bildirib.
Epşteynin 100-dən çox qurbanını təmsil edən vəkil Siqrid Makkoli model agentliklərində çalışan və gənc qadınları bu sahəyə cəlb edən şəxslərin Epşteynin onlarla əlaqə qurmasında mühüm rol oynadığını qeyd edib.
Nyu-York ştatının senatoru Zellnor Mayri isə Epşteynin cinsi istismarına şərait yaratmaqda şübhəli bilinən şəxslərin araşdırılmasına imkan verəcək yeni qanun layihəsi hazırlayıb.

