ABŞ-nin Florida ştatında noyabrın 1-də qəzaya uğrayan “Learjet 60” təyyarəsinin kabinəsindəki danışıqları qeydə alan cihaz tapılıb.
Bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) rəsmi saytında məlumat yayımlanıb.
Bildirilib ki, Qrinakres şəhəri yaxınlığında baş verən qəzanın səbəblərini müəyyənləşdirmək üçün tapılan cihaz hazırda Vaşinqtondakı laboratoriyada araşdırılır.
Cihaz pilotların danışıqlarını və uçuş zamanı kabinədə eşidilən səsləri qeydə alıb.
NTSB nümayəndələri qəza yerində aparılan qazıntı və axtarış işlərinin başa çatdığını da açıqlayıblar.
Mütəxəssislər təyyarənin hər iki qanadının, mühərriklərinin, pilot kabinəsinin, quyruq hissəsinin, hündürlük sükanlarının, eleronlarının və qanad mexanizasiyasına aid hissələrin qalıqlarını aşkar edərək müəyyənləşdiriblər.
Təyyarənin bəzi qalıqları əlavə ekspertiza üçün laboratoriyalara göndərilib.

