Fransanın tanınmış yazıçısı, Qonkur mükafatı laureatı Mişel Uelbekə qarşı ayrı-seçkiliyə, nifrətə və ya zorakılığa təhrikə yardım etmək ittihamı irəli sürülüb.
“Le Figaro” nəşrinin istintaq materialları ilə tanış olan mənbələrə istinadən yaydığı məlumata görə, 70 yaşlı yazıçıya qarşı cinayət təqibi onun müsəlmanlarla bağlı açıqlamaları səbəbindən başlanıb.
İstintaqa Fransa Məscidləri Birliyi (UMF) və İrqçiliyə Qarşı və Xalqlar Arasında Dostluq Hərəkatının (MRAP) şikayətləri əsas olub.
Şikayətlər 2023-cü ilin yanvarında təqdim edilib. Buna səbəb Uelbekin 2022-ci ilin noyabrında “Front Populaire” jurnalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər olub.
Yazıçı müsahibəsində müsəlmanlar və Avropada əhalinin etnik və dini tərkibinin dəyişməsi ilə bağlı “Böyük əvəzlənmə” adlı konspirasiya nəzəriyyəsindən danışıb. O, Avropanın yerli əhalisinin etnik və dini baxımdan başqa qruplarla əvəzlənməsinin baş verdiyini iddia edərək bunu statistik fakt kimi təqdim edib.
Uelbek həmçinin gələcəkdə bəzi bölgələrin İslamın təsiri altına düşəcəyini, bunun qarşıdurmalara və zorakılıq hallarına səbəb ola biləcəyini irəli sürüb.
Yazıçının sözlərinə görə, yerli fransızlar müsəlmanların assimilyasiyasını deyil, onlarla əlaqələndirdiyi soyğunçuluq və hücumların dayandırılmasını istəyirlər.
Mişel Uelbek irəli sürülən ittihamları qəbul etmir. O, zorakılığa çağırış etmədiyini, yalnız söz azadlığı hüququndan istifadə etdiyini müdafiə edir.
Təqsirli bilinərsə, yazıçını bir ilədək həbs və 45 min avro cərimə gözləyə bilər.

