Türkiyənin məşhur müğənnisi Ajda Pekkan şəxsi həyatı ilə bağlı illərdir içində saxladığı peşmanlığını bölüşüb.
Türkiyə mediasının məlumatına görə, sənətçi “Başarım Sensin” Dərnəyinin təşkil etdiyi tədbirdə iştirak edərək ana olmaq arzusundan və övladlığa uşaq götürmək barədə keçmişdə düşündüyü qərardan danışıb.
Təxminən bir saat səhnədə qalan Pekkan vaxtilə övladlığa uşaq götürmək istədiyini, lakin bunun məsuliyyətindən qorxduğu üçün həmin addımı ata bilmədiyini etiraf edib.

“Analıq hissi çox fərqli və inanılmaz bir duyğudur. İnsan içindəki şəfqəti və sevgini kiməsə vermək istəyir. Həyatım boyu övladlığa uşaq götürməkdən qorxdum. İndiki düşüncəmlə o uşağı çox gözəl böyüdə bilərdim”, – deyə müğənni bildirib.
Sənətçi o dövrdə gərgin həyat tərzinin və qarşılaşdığı çətinliklərin uşağın tərbiyəsinə mənfi təsir göstərə biləcəyindən ehtiyat etdiyini söyləyib.
“Analıq nə gözəl hissdir, elə deyilmi? Kaş mən də bunu yaşasaydım. Öz həyatımın həmin uşağa necə təsir edəcəyindən qorxurdum. Səhv bir şey etmək istəmirdim”, – deyə Ajda Pekkan əlavə edib.

