Yüksək qan təzyiqindən əziyyət çəkən insanların şirniyyatdan tamamilə imtina etməli olduğu barədə geniş yayılmış fikir doğru deyil.
Bu barədə Piroqov Universitetinin poliklinik terapiya kafedrasının assistenti, terapevt-kardioloq Alina Qavrilova “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, şəkər duzun həddindən artıq qəbulu kimi qan təzyiqini birbaşa yüksəltmir. Lakin şirniyyatın çox istehlakı artıq çəki və şəkərli diabet riskini artırır ki, bu da qan təzyiqinə nəzarəti çətinləşdirə bilər.
“Buna görə də vaxtaşırı şokolad və ya desert yemək problem deyil. Ancaq şəkərli içkilərin, konfetlərlə tez-tez qəlyanaltı etməyin və böyük miqdarda əlavə şəkər qəbulunun məhdudlaşdırılması daha məqsədəuyğundur”, – deyə mütəxəssis bildirib.

Kardioloq vurğulayıb ki, hipertoniyası olan insanlar üçün duz qəbuluna nəzarət etmək daha vacibdir. Çünki duzun həddindən artıq istehlakı qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündə beş qramdan az duz qəbul etməyi tövsiyə edir. Bu, təxminən bir çay qaşığına bərabərdir.
Həkim xatırladıb ki, gündəlik duz miqdarı hesablanarkən yalnız yeməyə əlavə edilən duz deyil, çörək, pendir, kolbasa və hazır qida məhsullarının tərkibindəki duz da nəzərə alınmalıdır.

