Böyük Britaniyada əhali mümkün böhran və fövqəladə vəziyyətlərə hazırlıq məqsədilə ərzaq, içməli su və dezinfeksiya vasitələri ehtiyatı toplamağa başlayıb.
Bu barədə “Worldpanel by Numerator” analitik şirkətinin araşdırmasında bildirilir.
Məlumata görə, oktyabrın 22-də Britaniya hökuməti tərəfindən başladılan “Be Ready” (“Hazır olun”) kampaniyasından sonra gündəlik tələbat məhsullarının satışında ciddi artım qeydə alınıb.
Kampaniya çərçivəsində hər bir ailəyə mümkün böhran, fövqəladə vəziyyət və əsas xidmətlərin fəaliyyətində fasilələr zamanı istifadə etmək üçün ən azı üç günlük zəruri ehtiyat hazırlamaq tövsiyə olunub.

Araşdırmanın nəticələrinə əsasən, kampaniyanın başlanmasından sonrakı 10 gün ərzində dezinfeksiya vasitələrinin satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz artıb.
Eyni dövrdə qablaşdırılmış içməli suyun satışı 67 faiz, konservləşdirilmiş və şüşə qablarda saxlanılan ərzaq məhsullarının satışı isə 37 faiz yüksəlib.
Xüsusilə ət konservlərinə maraq artıb. Belə ki, bu məhsulları gündəlik alan insanların sayı 43 faiz çoxalıb.

