Yeni tədris ili Sumqayıt şəhərinin ümumtəhsil müəssisələrində də böyük hazırlıq və yeniliklərlə başladır. Şəhərdə yeni dərs ilinin başlanması ilə əlaqədar 49 məktəbdə “Bilik Günü” tədbirlərinin keçiriləcək.
Hazırda Sumqayıtda ümumilikdə 42 ümumtəhsil məktəbi, 1 gimnaziya, 3 lisey, 2 internat və 1 xüsusi məktəb fəaliyyət göstərir. Bu təhsil müəssisələrində şagirdlərin təlim-tərbiyəsi ilə 3774 müəllim məşğul olacaq.
Cari tədris ilində Sumqayıt şəhərində 4477 şagird ilk dəfə məktəbə qədəm qoyacaq. Onların ilk dərs günü yeni biliklərə, dostluqlara və məktəb həyatına açılan mühüm bir mərhələnin başlanğıcı olacaq.
Yeni tədris ilində şəhərin təhsil müəssisələrində minlərlə şagird təhsilini davam etdirəcək. Onlardan 6307 şagird 9-cu sinifdə, 5310 şagird isə 11-ci sinifdə oxuyaraq təhsil pilləsinin növbəti mərhələsinə hazırlaşacaq.
Məktəbə hazırlıq istiqamətində də işlər davam etdirilir. Belə ki, cari tədris ilində 3100 uşağın məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.
Yeni tədris ili ərəfəsində şəhərdə təhsil infrastrukturunun yenilənməsinə də diqqət yetirilib. Bu çərçivədə Sumqayıt şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbi əsaslı təmir olunub.

