İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə şəhərinin hava limanına enişinə icazə verməyib.
EFE agentliyinin məlumatına görə, hadisə noyabrın 10-da baş verib.
İraqın Mülki Aviasiya İdarəsi bu qərarı ABŞ-nin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar qəbul edib.
İran millisinin Bəsrədə İraq, Livan və Fələstin komandalarının da iştirak edəcəyi beynəlxalq futbol turnirinə qatılması planlaşdırılırdı.
Eniş icazəsi verilməyən təyyarə İrana qayıdaraq Abadan hava limanına enib.
Son məlumata görə, İran yığmasının üzvləri daha sonra quru yolu ilə İraqa keçərək Bəsrə şəhərinə çatıblar.
Qeyd edək ki, turnirin noyabrın 13-də başlaması nəzərdə tutulur.

