Yaxın Şərqdə illərdir davam edən ən sərt qarşıdurmalardan biri, şübhəsiz, İran ilə İsrail arasındakı düşmənçilikdir. Son 12 günlük müharibə ilə bu münasibətlər son illərin ən gərgin mərhələsinə daxil oldu. Hər iki tərəfin qarşılıqlı raket zərbələri, hədəf alınan generallar və nüvə obyektlərinə edilən hücumlar, regionda böyük bir müharibənin hər an başlaya biləcəyi reallığını xatırlatdı.
İran və İsrail arasında uzunmüddətli sülh mümkündürmü? Bu, sadəcə diplomatik masa ətrafında həll edilə biləcək məsələdir, yoxsa ideoloji və geosiyasi ziddiyyətlər bu ehtimalı tarixin dərinliklərinə gömüb?
Den.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, İsrail və İran arasında atəşkəsin əldə olunması bütün dünyaya rahat nəfəs almaq imkanı verdi:
“Biz üçüncü dünya müharibəsinə səbəb ola biləcək böyük bir bəladan, az da olsa, uzaqlaşa bildik. Müharibə bizim sərhədlərimizə yaxın getdiyindən, ölkəmiz üçün təhlükə daha real idi. Xüsusilə, İsrailin raket zərbələri nəticəsində cənubda yaşayan soydaşlarımızın da həlak olması olduqca məyusedici haldır.
Mütəllim Rəhimli
Birləşmiş Ştatların vasitəçiliyi ilə əldə olunan atəşkəs təqdir olunmalıdır. Ancaq nə İsrail, nə də İran apardıqları müharibə nəticəsində istədiklərinə nail ola bildi. Belə ki, İsrail müharibəyə başlayanda elan etdiyi məqsədlərə çata bilmədi. İran da cavab olaraq vəd etdiyi nəticələri əldə etmədi.
Bütün bunlar onu deməyə əsas verir ki, İsrail–İran müharibəsi bitməyib – sadəcə müvəqqəti olaraq dondurulub. Bu qarşıdurmanın istənilən anda yenidən alovlana biləcəyini unutmaq olmaz. Şübhəsiz ki, yeni müharibə əvvəlkindən daha dəhşətli və dağıdıcı ola bilər”.