Xəbər verdiyimiz kimi, “Minval Politika” etibarlı mənbələrə istinadla 2024-cü ilin 25 dekabrında AZAL-ın Bakı-Qroznı reysi ilə uçan mülki “Embraer 190” təyyarəsinin vurulması ilə bağlı yeni və sensasion təfərrüatlar yayıb. Məlum olub ki, bu insidentə hərbi strukturlardakı ciddi rabitə pozuntuları, radar nasazlıqları və əmrlərin məsuliyyətsiz şəkildə verilməsi səbəb olub. Hadisə zamanı baş verən koordinasiyasızlıqlar və əməliyyatın səhv idarə olunması böyük faciəyə gətirib çıxarıb.
Bu faktlar Azərbaycana hansı addımları atmağa imkan verəcək? Rusiya belə təkzibolunmaz sübutlar qarşısında nə edəcək?
Den.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Azərbaycanın əlində daha çox informasiya var və bu məlumatlar zamanla Rusya adekvat yanaşmadıqca gündəmə gələcək:
“Proses yalnız bununla yekunlaşmayacaq. Gedişat göstərir ki, əlavə ciddi nüanslar da meydana çıxa bilər. Bu, sadəcə epizodik bir keçiddir və ümumi iki ölkə arasındakı münasibətlərə qiymət vermək üçün başlanğıc nöqtəsi ola bilər. Bu da o deməkdir ki, bəlkə rəsmi Bakı 2020-ci il müharibəsi ilə bağlı Kreml haqda bəzi yeni səhifələri aça bilər. Məsələn, Qarabağa necə daxil olmaları, xüsusilə 2016-cı il aprel döyüşləri, Xəzərdəki neft qurğularında baş verən partlayışlar, hərbi hava gəmilərinə atəş açılması, terror aktları və Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanla işbirliyi barədə ciddi detalların ortaya qoyulması mümkündür. Bu hadisələr geniş və mürəkkəb bir geosiyasi mənzərənin tərkib hissəsidir və hər biri Azərbaycan-Rusiya münasibətlərindəki gərginlikləri artıran faktorlardır”.
Əziz Əlibəyli
Siyasi şərhçi qeyd edib ki, digər maraqlı məqam Rusiyanın Azərbaycana qarşı müəyyən bir alternativ plan düşünmə ehtimalıdır:
“Rusiya, xüsusilə öz ərazisində yaşayan azərbaycanlılara müəyyən ittihamlarla yanaşır. Rəsmi Kiyevin Moskvaya qarşı həyata keçirdiyi kiberhücumlarda da həmyerlilərimizin hədəfə alınması məsələni daha da mürəkkəbləşdirir. Bu, iki ölkə arasında həm daxili, həm də xarici siyasətdə ciddi təsirlər yarada biləcək vəziyyətdir. Moskvanın müəyyən məqamlarda ölkədə yaşayan bir qrup azərbaycanlılardan bizim əleyhimizə istifadə etməsi də mümkündür. Bu barədə tez-tez mesajlarlar görürük. Lakin belə yanaşmaların Azərbaycanda qarşılıq tapmayacağı da açıqdır. Xalqımız və dövlətimiz bu cür xarici təzyiqlərə qarşı olduqca güclü, birləşmiş mövqeyə sahibdir. Azərbaycan istər daxili, istərsə də xarici siyasətində öz müstəqilliyini qorumağa davam edəcək”.