Rusiyada yaşayan Azərbaycanlı iş adamları və oradakı elitanın taleyi iki ölkə arasında artan siyasi gərginlik fonunda gündəmin əsas mövzularından birinə çevrilib. İyun ayında Yekaterinburqda soydaşlarımıza qarşı baş verən hücumlar, ardınca səsləndirilən qarşılıqlı ittihamlar və media savaşları fonunda Rusiyada yaşayan azərbaycanlı ticarətçilər və sahibkarlar ciddi təzyiqlərə məruz qalıblar.
Paralel olaraq, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində yaşananlar diqqət çəkdi. Bəzi analitiklər Azərbaycan və Rusiya prezidentlərinin sammit çərçivəsində bir araya gələcəklərini və danışıqlar aparacaqlarını proqnozlaşdırsalar da, bu, baş tutmadı.
Gərginlik davam edəcəyi müddətdə bu ölkədə yaşayan soydaşlarımızın, xüsusilə iş adamları və iqtisadi elitanın gələcək aqibəti necə olacaq?
DenMedia.az xəbər verir ki, bunu Globalinfoya-a danışan Siyasi və Hüquqi Artaşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının və xaricdə yaşayan soydaşlarımızın hüquqlarını qorumağa çalışıb:
“Bu, yalnız iş adamları və ya elit təbəqəyə aid deyil, dövlətimiz sadə vətəndaşların da başqa ölkələrdə, xüsusilə Rusiyada qarşılaşdıqları problemlərə hər zaman müdaxilə edib. Bu, həm dövlətimizin vəzifəsi, həm də borcudur.
Bakı və Moskva arasındakı münasibətlərdə son dövrlərdə müəyyən gərginliklər müşahidə olunur. Bunun əsas səbəbi isə Ukrayna müharibəsidir. Belə ki, müharibə səbəbindən Azərbaycan əsilli biznesmenlər və iş adamları da bir sıra məhdudiyyətlərlə qarşılaşıblar. Onların mülklərinə, yaxtalarına, bank hesablarına həbs qoyulub, fəaliyyət imkanları məhdudlaşdırılıb. Bu, 2022-ci ildən etibarən Azərbaycan vətəndaşları üçün ciddi problemlər yaradıb. İndi isə görünən odur ki, Rusiya yeni gərginlik ocağı yaratmaq niyyətindədir.
Əslində, mövcud siyasət ilk növbədə Rusiyanın özünə zərər vurur. Çünki Azərbaycan əsilli iş adamları fəaliyyət göstərdikləri ölkənin iqtisadiyyatına töhfə verirlər. Sözügedən dəstək, onsuz da sanksiyalardan zərər çəkən Rusiya iqtisadiyyatı üçün önəmlidir. Azərbaycanlı iş adamlarının oradan uzaqlaşdırılması isə Moskvaya yalnız əlavə problemlər gətirəcək. Bu, təkcə azərbaycanlılara yox, gələcəkdə digər postsovet ölkələrinin iş adamlarına da mesaj olacaq, çünki onların da eyni vəziyyətə düşmə ehtimalı var”.
Xəyal Bəşirov
Politoloq bildirib ki, AZAL-a məxsus təyyarənin qəzaya uğramasında da günahkar olan tərəf Azərbaycan deyil:
“Rusiyanın endirdiyi zərbələr nəticəsində təyyarə vuruldu və Azərbaycan vətəndaşları həlak oldu, yəni dövlətimiz bununla bağlı haqlı tələblər irəli sürüb. Lakin Rusiya özünü prosesi obyektiv şəkildə araşdıran yox, sanki günahı Azərbaycana yükləməyə çalışan tərəf kimi aparır.
Bu vəziyyət təkcə bizim deyil, digər dövlətlərin də diqqətini cəlb edir. Çünki Rusiyada fəaliyyət göstərən Mərkəzi Asiya ölkələrinin iş adamları da bir gün növbənin onlara çatacağını anlayırlar. Bu səbəbdən, artıq öz resurslarını bu ölkədən çıxarmağa başlayıblar. Gərginliyin ən böyük zərbəsini, şübhəsiz, Rusiya iqtisadiyyatı alacaq.
Azərbaycanlı iş adamlarına qarşı təhlükə hələ də mövcuddur. Amma unutmamalıyıq ki, dövlətimiz üçün hər şeydən öncə vətəndaşlarımızın təhlükəsizliyi, dövlətçiliyimizin qorunması və müstəqilliyimiz dayanır. Ona görə də Azərbaycan bu məsələlərdə prinsipial mövqeyini saxlayacaq.
Rusiya isə hazırkı siyasətlə sadəcə özünə düşmən qazanmağa davam edəcək. Çünki bütün dünya ilə qarşıdurma aparmaq uğur gətirmir, lakin dövlətin mövcudluğunu sual altına sala bilər. Azərbaycan isə münasibətlərin gərginləşməsini istəmir, hələ də dialoq və əməkdaşlıq üçün açıqdır”.