Qvatemalada dəfn mərasimi zamanı tabutda özünə gələn 15 yaşlı qız su istəyib.
“New York Post” nəşrinin məlumatına görə, hadisə ölkənin El-Xokote kəndində baş verib.
15 yaşlı Yuleydi İskotoyakın atası, yevangelist keşiş Abraham qızının ürəyinin və tənəffüsünün dayandığını düşünərək həkimə müraciət etməyib.
Qvatemalada dəfn mərasimləri qısa müddətdə təşkil olunduğundan, qızın öldüyü güman edildikdən cəmi səkkiz saat sonra qohumları və qonşuları ailənin evinə toplaşıblar.
Yas mərasimi zamanı yeniyetmənin anası tabutun qapağının tərpəndiyini görüb. Qadın əvvəlcə qorxudan, daha sonra isə sevincindən qışqırdığını söyləyib.
“Mən davamlı olaraq onun sağ olduğunu, ölmədiyini deyirdim. Tanrı dualarımı eşitdi. Yuleydi gözlərini açdı və danışmağa başladı”, – deyə ana bildirib.
Özünə gələn qız su istəyib.
Yuleydi hadisədən əvvəl ürək nahiyəsində ağrı hiss etdiyini, daha sonra isə sanki huşunu itirərək bayıldığını xatırladığını söyləyib.
Hadisədən sonra prokurorluq qızın atasının hərəkətləri ilə maraqlanmağa başlayıb. Belə ki, Qvatemalada ölüm haqqında şəhadətnamə olmadan dəfn mərasiminin keçirilməsi qadağandır.

