Xəbər verdiyimiz kimi, bu gün Bakının Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, qəza yüksək sürət və yol hərəkəti qaydalarının pozulması səbəbindən baş verib. Qəza anı isə ərazidəki avtomobillərin müşahidə kameraları tərəfindən lentə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülər böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, hadisə nəticəsində qəzaya səbəb olan "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, "Changan" markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.
Hadisə nəticəsində xəsarət alan "Changan" markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Faktla bağlı araşdırma aparılır.