Qlobal bulud xidməti Cloudflare-də 18 noyabrda baş verən genişmiqyaslı nasazlıq avtomatik generasiya olunan konfiqurasiya faylındakı texniki səhvdən qaynaqlanıb. Şirkətin mətbuat xidmətinin “Kommersant”a verdiyi məlumata görə, sözügedən fayl potensial təhlükəli şəbəkə trafikinə nəzarət üçün istifadə olunur.
Cloudflare rəsmiləri bildiriblər ki, problemə səbəb həmin faylın ölçüsünün gözlənilən həddi aşması olub. Bu isə, öz növbəsində, bir sıra əsas Cloudflare xidmətlərinə daxil olan trafikin işlənməsinə cavabdeh proqram təminatının dayanmasına gətirib çıxarıb.
Şirkət xüsusi olaraq vurğulayıb:
“Aydınlıq üçün: bunun hücum və ya zərərli fəaliyyət nəticəsi olduğuna dair heç bir dəlil yoxdur.”
İnsident dünyanın bir çox tanınmış onlayn platformalarının fəaliyyətində fasilələrə səbəb olub. Sıxıntı yaşayanlar arasında Spotify, sosial şəbəkə X (keçmiş Twitter), eləcə də League of Legends, Valorant və Faceit kimi oyun platformaları var. İstifadəçilər həmçinin ChatGPT modelinin də qeyri-stabil işlədiyini bildiriblər.
Cloudflare əlavə edib ki, xidmətlər bərpa olunduqdan sonra istifadəçi axınının kəskin artması səbəbilə qısa müddətli nasazlıqlar yenidən baş verə bilər. Lakin şirkət bütün sistemlərin bir neçə saat ərzində tam stabilləşəcəyinə əmin olduğunu bildirib. Günün sonunda Cloudflare nasazlığın nəticələrinin tam aradan qaldırıldığını açıqlayıb.

