Amerika həbsxanasında saxlanılan Venesuela prezidenti Nikolas Maduronun şəraitinin yaxşı olmadığı bildirilib.
Bu barədə sahibkar və ictimai xadim Viktor But kp.ru saytına verdiyi müsahibədə danışıb.
But qeyd edib ki, o, əvvəllər Maduronun hazırda yerləşdirildiyi Bruklin istintaq təcridxanasında üç ay saxlanılıb. Onun fikrincə, Venesuela prezidenti tam təcrid olunmağa imkan verən kiçik bir blokda yerləşdirilib.
Sahibkar ABŞ həbsxanalarındakı qidalanmanı mənfi qiymətləndirib, porsiyaların az, yeməklərin keyfiyyətinin aşağı və kalorinin yetərsiz olduğunu bildirib. Onun sözlərinə görə, məhbuslar çox nadir hallarda şorba və ya salat yeyə bilirlər, çay, qəhvə və kompot isə ümumiyyətlə rasionda yoxdur. But vurğulayıb ki, bu səbəbdən məhbuslar özlərini tox hiss etmirlər.
Qeyd olunur ki, yanvarın 6-da Venesuelanın baş prokuroru Tarek William Saab ABŞ hakimiyyətindən Maduronun toxunulmazlığının tanınmasını tələb edib.

