İsrailin İran və ABŞ arasında aparılan danışıqlara mane olmağa və ya prosesi uzatmağa cəhd göstərə biləcəyi bildirilir. Bu fikri Şanxay Xarici Dillər Universitetinin Yaxın Şərq Araşdırmaları İnstitutunun professoru Din Lun səsləndirib.
Onun sözlərini China Daily qəzeti sitat gətirib:
“İsrail ABŞ ilə İran arasında razılaşmanın reallaşmasını ən az istəyən tərəfdir. O, sülh danışıqlarını pozmaq, əngəlləmək və uzatmaq üçün heç bir səydən çəkinməyəcək.”
Ekspertin fikrincə, yəhudi dövləti hətta əvvəl tətbiq etdiyi taktikaya da əl ata bilər. O xatırladıb ki, ötən ilin iyununda razılaşma ABŞ ilə demək olar ki, qaçılmaz görünən anda İsrail İrana zərbələr endirmişdi.
Din Lun hesab edir ki, həm Tehran, həm də Vaşinqton danışıqlarda mövqelərini gücləndirmək üçün təzyiq strategiyasına üstünlük verir. Onun qənaətinə görə, danışıqların iflasa uğraması halında tərəflər qısa müddətdə hərbi qarşıdurmaya keçə bilər.

