Insider UA Telegram kanalının yaydığı məlumata görə, Ali Radadakı mənbələr bildiriblər ki, prezident seçkiləri artıq 2026-cı ilin payızında, parlament seçkiləri isə 2027-ci ilin yazında keçirilə bilər. Həmçinin qeyd olunur ki, səsvermənin mövcud hərbi vəziyyət rejimi ləğv olunmadan baş tutması ehtimalı istisna edilmir.
Mənbənin iddiasına əsasən, deputatlar artıq seçki prosesinə hazırlığı aktivləşdiriblər. Bir sıra siyasi qüvvə rəhbərləri regional strukturlara mümkün tarixlərlə bağlı məlumat verib. Hakimiyyətin mümkün yenidən formatlaşdırılması fonunda deputatlar mandatlarını qorumaq yollarını axtarmağa başlayıblar. Bəziləri yeni siyasi layihələr üzərində işləyir, digərləri isə başqa komandalarla danışıqlar aparır.
Ukraynada 24 fevral 2022-ci ildən etibarən hərbi vəziyyət rejimi qüvvədədir və mütəmadi olaraq uzadılır. Bu səbəbdən 2024-cü ilin martına planlaşdırılan prezident seçkiləri və 2023-cü ilin oktyabrında keçirilməli olan parlament seçkiləri baş tutmayıb.

