İsrail çətin günlər yaşayır və hadisələrin istənilən inkişafına, o cümlədən İranla hərbi qarşıdurmaya hazırdır. Bu barədə ölkənin baş naziri Benjamin Netanyahu parlamentdə çıxışı zamanı bildirib.
Netanyahu birbaşa İran rəhbərliyinə müraciət edərək qeyd edib:
“Çətin günlər yaşayırıq. Sabahın nə gətirəcəyini heç kim bilmir. Gözlərimiz açıqdır. İstənilən ssenariyə hazırıq.”
Baş nazir xəbərdarlıq edib ki, İsrailə qarşı istənilən hücum misli görünməmiş güclə cavablandırılacaq. O, həmçinin qarşıdan gələn Purim bayramı ərəfəsində müxalifəti birliyə çağırıb və daxili çəkişmələr üçün zaman olmadığını vurğulayıb.
Netanyahu ölkənin komandirlərinə və hərbçilərinə tam etibar etdiyini bildirib və əsas gücün xalqın birliyində olduğunu qeyd edib.
“Birlikdə dayandığımız zaman böyük nailiyyətlər əldə etdiyimizi artıq sübut etmişik,” – deyə baş nazir əlavə edib.
Bəyanat ABŞ-ın İrana qarşı genişmiqyaslı zərbə imkanını nəzərdən keçirdiyi barədə xəbərlər fonunda səslənib. Tehran isə öz növbəsində hətta məhdud zərbənin belə aqressiya aktı kimi qiymətləndiriləcəyini bəyan edib.

