Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud bildirib ki, İranın hücumları fonunda krallığın səbrinin həddi var və cavab tədbirləri istisna edilmir.
Bu barədə o, Ər-Riyadda jurnalistlərə açıqlamasında deyib.
“Bizim səbrimiz sonsuz deyil. Hücumları dayandırmaq üçün bütün siyasi, iqtisadi və diplomatik vasitələrdən istifadə edəcəyik”, — deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, əsas məqsəd Səudiyyə Ərəbistanına və münaqişədə iştirak etməyən qonşu ölkələrə qarşı hücumların dayandırılmasıdır.
O qeyd edib ki, İranın bu hücumları məqsədli xarakter daşıyır və regionda gərginliyi artırır.
Əl Səud həmçinin Tehranın hücumları ABŞ hərbi bazalarının mövcudluğu ilə əlaqələndirməsini “inandırıcı olmayan arqument” kimi qiymətləndirib.
Nazir əlavə edib ki, Səudiyyə Ərəbistanı İrana cavab vermək hüququnu özündə saxlayır və vəziyyətin dəyişəcəyinə ümid edir.

