İran və ABŞ uranın zənginləşdirilməsinə müvəqqəti moratoriumla bağlı intensiv danışıqlar aparır. Bu barədə Axios portalı məlumat yayıb.
Məlumata görə, moratoriumun müddəti ilə bağlı tərəflər arasında fikir ayrılığı qalır. Tehran bu müddətin 5 il olmasını təklif edir, Vaşinqton isə 20 il üzərində israr edir.
Mənbələrdən birinin sözlərinə görə, kompromis variant kimi 15 illik müddət nəzərdən keçirilə bilər.
Bildirilib ki, ABŞ razılaşmada moratorium şərtlərinin pozulacağı halda onun müddətinin avtomatik uzadılmasını nəzərdə tutan bəndin də yer almasını istəyir.
Bundan əlavə, moratorium başa çatdıqdan sonra Vaşinqton İranın uranı yalnız 3,67 faiz səviyyəsinədək zənginləşdirməsinə icazə verməyə hazırdır. Bu göstərici 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planında da nəzərdə tutulmuşdu.

