ABŞ İranın üç əsas nüvə obyektini sökməsini və zənginləşdirilmiş uranın hamısını ABŞ-yə təhvil verməsini istəyir.
Bu barədə The Wall Street Journal yazır.
Məlumata görə, Cenevrədə keçirilən danışıqlarda Amerika nümayəndələrinə İranın Fordo, Natanz və İsfahan obyektlərini ləğv etməli olduğunu açıq şəkildə bildirmək tapşırılıb. Bundan başqa, Vaşinqton İranın nüvə proqramı ilə bağlı razılaşmanın müddətsiz olmasında israr edir.
Tehran isə öz növbəsində ABŞ-yə alternativ təkliflər irəli sürür. İran uranın zənginləşdirilmə səviyyəsini 60%-dən 1,5%-ə endirməyə, həmçinin bu prosesi yeddi il müddətinə dayandırmağa hazır olduğunu bildirir.
Tərəflər arasında digər əsas fikir ayrılığı sanksiyalar məsələsidir. ABŞ razılaşma əldə olunsa belə, İrana qarşı təzyiqi yalnız minimal şəkildə azaltmaq niyyətindədir. Tehran isə sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılmasını tələb edir.

