Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında 2026-cı il mayın 4-də Bakıda keçirilən görüş və verilən bəyanatlar iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi.
Qeyd edilməlidir ki, Azərbaycan və İtaliya arasında münasibətlər təsadüfi xarakter daşımır. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri bu əlaqələrin möhkəm hüquqi-siyasi əsasını təşkil edir. Bu sənədlərdə əksini tapan müddəaların real həyatda uğurla tətbiq olunması, tərəflər arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdiyini göstərir.
İtaliya Baş nazirinin regiona səfəri çərçivəsində əvvəlcə Ermənistanda, daha sonra isə Azərbaycanda olması xüsusi siyasi və diplomatik məna daşıyır. Bu, Azərbaycanın regionda artan nüfuzunun, eləcə də ölkəmizə göstərilən hörmətin bariz ifadəsi kimi qiymətləndirilə bilər.
Bu gün Azərbaycan–İtaliya münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır. İqtisadi sahədə əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır və ticarət dövriyyəsinin həcmi təxminən 12 milyard dollar təşkil edir. Energetika sahəsində əməkdaşlıq isə bu münasibətlərin əsas sütunlarından biridir. Azərbaycan həm neft, həm də qaz təchizatında İtaliya üçün önəmli tərəfdaşdır.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın ixrac etdiyi təbii qazın əhəmiyyətli hissəsi İtaliya bazarına yönəldilir. Bu isə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin strateji əhəmiyyətini daha da artırır. Mövcud müzakirələr bu layihənin genişləndirilməsinin gündəmdə olduğunu göstərir.
Son dövrlərdə diqqət çəkən məqamlardan biri də hərbi-texniki əməkdaşlığın inkişafıdır. Birgə istehsalın təşkili, texnologiya və maliyyə resurslarının inteqrasiyası istiqamətində aparılan danışıqlar gələcək üçün ümidverici perspektivlər yaradır.
İqtisadi əməkdaşlığın digər mühüm istiqaməti investisiyalardır. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı təxminən 3 milyard dollar sərmayə iki ölkə arasında qarşılıqlı etimadın və iqtisadi tərəfdaşlığın yüksək səviyyədə olduğunu sübut edir. Eyni zamanda, İtaliya şirkətləri Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində fəal iştirak edir və müxtəlif layihələr həyata keçirirlər.
Bununla yanaşı, humanitar sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmır. Təhsil sahəsində atılan addımlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti artıq yüzlərlə tələbənin təhsil aldığı mühüm elm ocağına çevrilmişdir. Bu universitet yalnız peşəkar kadrların hazırlanmasına deyil, həm də xalqlar arasında mədəni və intellektual körpülərin qurulmasına xidmət edir.
Bütün bunlar göstərir ki, Azərbaycan–İtaliya münasibətləri çoxşaxəli və davamlı inkişaf edən strateji tərəfdaşlıq modelidir. Bu əməkdaşlıq yalnız iki ölkənin maraqlarına deyil, eyni zamanda regionda sabitlik, iqtisadi inkişaf və qarşılıqlı anlaşmaya da töhfə verir.
Rüxsarə Məmmədova, əməkdar müəllim