İri buynuzlu heyvanlar, məsələn, camış, inək, eləcə də dəvə üçün yeddi nəfərə qədər şəxs bir araya gələrək qurban ibadətində iştirak edə bilər. Lakin bu qayda qoyun və keçiyə aid deyil.
Denmedia.az xəbər verir ki, bunu Globalinfo.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli deyib.
Onun sözlərinə görə, bu məsələ maddi imkanla bağlı deyil, şəriətin ümumi hökmüdür.
Ağa Hacıbəyli bildirib ki, qurbanlıq heyvan seçərkən bir sıra məqamlara xüsusi diqqət edilməlidir. Heyvan sağlam, baxımlı və qüsursuz olmalıdır. Buynuzu sınıq, qulağı kəsik, gözü kor, xəstə və ya həddindən artıq arıq heyvanın qurban seçilməsi doğru hesab olunmur.
“İnsan Allah üçün ən gözəlini ayırmalıdır. Buna görə də qurbanlıq heyvan sağlam, kök və baxımlı olmalıdır”, — deyə ilahiyyatçı qeyd edib.
O vurğulayıb ki, qurban ətinin kimlərə paylanacağı da önəmlidir. Ətrafımızda ehtiyac içində yaşayan, uzun müddət evinə ət girməyən kasıb və aztəminatlı ailələr var. Belə mübarək günlərdə həmin insanları sevindirmək qurban ibadətinin əsas mənəvi tərəflərindən biridir.
Ağa Hacıbəyli Qurani-Kərimdə qurbanla bağlı buyurulan ayəyə də diqqət çəkib:
“Kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan sizin təqvanız, səmimiyyətiniz və ixlasınızdır”.
İlahiyyatçı bildirib ki, qurbanın bayram namazından sonra kəsilməsi daha doğrudur. Çünki bayram namazı duha, yəni quşluq vaxtında qılınır və adətən səhər saat 09:00-10:00 radələrinə təsadüf edir.
Onun sözlərinə görə, qurbanlıq heyvan bayram namazından əvvəl kəsilərsə, bu, adi heyvan kəsimi sayılır. Namazdan sonra kəsildikdə isə qurban ibadəti hesab olunur.
Ağa Hacıbəyli qurban kəsimi zamanı heyvana mərhəmətlə yanaşmağın vacibliyini də qeyd edib. O bildirib ki, bıçağı heyvanın gözünün qarşısında itiləmək, heyvanı incitmək düzgün deyil.
İlahiyyatçı həmçinin qurban kəsilən yerlərdə təmizliyə riayət etməyin vacib olduğunu vurğulayıb:
“Dinimiz təmizliyi sevən dindir. Allah-Təala bizdən həm təmiz niyyət, həm təmiz ibadət, həm də təmiz mühit istəyir. Buna görə də qurban kəsilən yerlərin təmiz saxlanmasına xüsusi diqqət edilməlidir”.

