ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İran ətrafında yaranmış vəziyyətin inkişafı üçün iki mümkün variantı nəzərdən keçirir: hərbi təzyiqin daha da artırılması və ya Tehranla razılaşmanın əldə olunması.
Ağ Evdə çıxış edən ABŞ lideri qeyd edib ki, hərbi ssenari zərbələrin davam etdirilməsini və daha da sərtləşdirilməsini nəzərdə tutur.
“Bir hərbi yol var: etdiyimiz işi davam etdiririk, hətta daha sərt şəkildə və onların malik olduğu hər şeyi partladırıq. Digər, daha ağıllı strategiya isə razılaşma əldə etməkdir”, — Tramp deyib.
Onun sözlərinə görə, İran hakimiyyəti hələlik razılaşmaya hazır deyil. Bununla belə, ABŞ Prezidenti hesab edir ki, Tehran sonda danışıqlarda maraqlı olacaq.
“Mən sadəcə düşünürəm ki, onlar buna hələ hazır deyillər, amma razılaşma əldə etmək istərdilər. Bəzən bunu istədiklərini demirlər. Özlərini sərt göstərmək istəyirlər”, — Tramp əlavə edib.
ABŞ Prezidenti, eyni zamanda, İrana zərbələrin intensivləşdirilməsi ilə bağlı hələ yekun qərar qəbul etmədiyini bildirib.

