İranın Kəşfiyyat Nazirliyinin Azərbaycanın dövlət televiziya kanalı olan AzTV-ni "düşmən media qurumları" siyahısına salması iki ölkə arasında media sahəsində gərginliyin yeni mərhələyə keçməsinə səbəb olub. Bununla bağlı Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanat yayaraq sözügedən addımın jurnalistlərin peşə fəaliyyətinə və söz azadlığına zidd olduğunu bildirib. Agentlik həmçinin qarşılıqlılıq prinsipini əsas gətirərək İranın "Səhər" televiziya kanalı və "Mehr" xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb.
Bu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu Denmedia.az-a açıqlamasında deyib ki, İran tərəfinin Azərbaycan Dövlət Televiziyasını düşmən siyahısına daxil etməsi Azərbaycan dövlətinə qarşı atılan bir addımdır:
“Çünki AzTV məhz Azərbaycanın milli televiziyasıdır, dövlət televiziyasıdır. Səbəbinə gəldikdə isə, Azərbaycan televiziyasının regionda və dünyada baş verən hadisələri obyektiv şərh etməsidir. Medianın özünün də, elektron medianın da birinci funksiyası həqiqətləri və tarixi gerçəklikləri dilə gətirməkdir. İranın bu mövqeyi həm də ədalətli informasiya mühitinə qarşı elan edilən düşmənçilikdir. Haqqın, ədalətin və tarixin obyektiv ifadə olunmasına qarşı nümayiş etdirilən mövqedir. Ona görə də Medianın İnkişafı Agentliyinin bəyanatı doğrudur, hüquqa əsaslanır və diplomatiyada, deməli, güzgü effekti davranış qaydasına əsaslanır”.
Deputat bildirib ki, “Mehr” agentliyinin və “Səhər” proqramının Azərbaycan auditoriyasına buraxılması əvvəldən də yanlış idi:
“Amma yanlışdan nə qədər tez dönülərsə, bir o qədər yaxşıdır. Əslində bizim media da bunu edibdir, Medianın İnkişafı Agentliyi də bunu edibdir. Çünki İrana aid olan media nümunələri daima Azərbaycan informasiya məkanına İran dini radikalizmini ötürür, bizim insanların şüurlarını milli dövlətçilik şüurundan ayıraraq onu özümüzə qarşı düşmənləşdirir. “Mehr” agentliyi və “Səhər” proqramı 44 günlük Vətən Müharibəsində, xalqımızın taleyinin həll olunduğu vaxtda həmişə düşmənlərə tərəf çıxıbdır, radikalizmi, terrorizmi dəstəkləyibdir, Azərbaycanın bölünməsini dəstəkləyibdir, separatizmi dəstəkləyibdir. Ona görə də mövqeyimiz haqlıdır və doğrudur”.

