1 avqust Azərbaycanda Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.
Bu əlamətdar tarix ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə təsis edilib.
Məhz 2001-ci ilin avqustunda ölkədə latın qrafikalı Azərbaycan əlifbasına keçid tam başa çatdırılıb. Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycanın ictimai-siyasi həyatında və milli yazı mədəniyyətinin tarixində mühüm hadisə olub.
Azərbaycan dilinin dövlət dili kimi qorunması istiqamətində mühüm addımlardan biri 1978-ci il aprelin 2-də atılıb. Həmin gün Azərbaycan SSR Konstitusiyasına edilən dəyişikliklə Azərbaycan dilinin respublikanın dövlət dili statusu təsbit olunub.
Daha sonra 18 iyul 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 9 avqust 2001-ci ildə isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar imzalanıb.
2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qüvvəyə minib və ana dilinin qorunması, inkişafı və tətbiqi üzrə dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşdirilib.

