Azərbaycanda sosial şəbəkələrdə xeyriyyəçilik fəaliyyəti ilə tanınan tiktoker Namiq Əziz anasını döyməkdə şübhəli bilinərək saxlanılıb.
Yerli medianın məlumatına görə, əsl adı Namiq Kəlbiyev olan bloqerlə bağlı hadisə oktyabrın 30-na keçən gecə Cəlilabad rayonunda baş verib.
Bildirilir ki, Bakıdan Cəlilabada gələn şəxs anasının yaşadığı evə pəncərədən daxil olaraq qadına hücum edib və onu döyüb.
Hadisə zamanı evdən qadının qışqırıq səslərinin eşidildiyi qeyd olunur.
Namiq Kəlbiyevin anasına hansı səbəbdən hücum etdiyi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Qeyd edək ki, Namiq Əziz TikTok sosial şəbəkəsində ehtiyacı olan şəxslərlə bağlı videolar paylaşması və izləyicilərini onlara maddi yardım göstərməyə çağırması ilə tanınır.

