Sumqayıtda vətəndaş aldığı çörəkdən paslanmış mismar çıxıb.
Bu barədə Den.az-a Sumqayıt şəhər sakini Vüsal Hacıyev bildirib.
Onun sözlərinə görə, o, axşam saatlarında şəhərdə yerləşən TAMSTORE marketdən Bakıxanov çörək zavodunun istehsalı olan çörək alıb. Evə qayıdıb, çörəyi kəsən zaman isə onun içindən paslanmış, uzunluğu təxminən 5 santimetr olan mismar tapıb.
Vüsal Hacıyev deyib ki, “Ailəmlə süfrəyə oturduq. Çörəyi kəsəndə gördüm ki, içindən nəsə parlayır. Diqqətlə baxanda, paslanmış mismar olduğunu gördüm. Çörəkdən mismarın çıxması çox qorxulu və qəbuledilməzdir. Təsəvvür edin ki, uşaq o çörəyi yesəydi, nəticəsi faciə ola bilərdi.”
Vətəndaş məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verəcəyini bildirib. O, həmçinin digər vətəndaşlara da xəbərdarlıq edərək aldıqları çörək və digər məhsulları diqqətlə yoxlamağı tövsiyə edib.
Hazırda məsələnin araşdırılması və aidiyyəti qurumlar tərəfindən tədbir görülməsi gözlənilir. Den.az olaraq, məsələni diqqətdə saxlayırıq və rəsmi qurumların məsələyə dair mövqeyini işıqlandıracağıq.
Nizami Rəsulov
Den.az