Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində yerləşən Taxtakörpü–Ceyranbatan su kanalında iki nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Denmedia.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.
Araşdırmalar zamanı məlum olub ki, kanalda batan şəxslər qardaşlardır – 28 yaşlı Orxan Abdıyev və 24 yaşlı Ramazan Abdıyev. Məlumatlara əsasən, əvvəlcə Ramazan Abdıyev kanalda boğulma təhlükəsi ilə üzləşib. Onu xilas etməyə çalışan böyük qardaşı Orxan Abdıyev də suda batıb.
Axtarış tədbirləri nəticəsində Orxan Abdıyevin meyiti Nasosnu ərazisində, Sumqayıt qaçqınlar şəhərciyi yaxınlığında tapılıb. Kiçik qardaş Ramazan Abdıyevin axtarışları isə davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ellada Rəsul