Qubada 15 yaşlı qızın 35 yaşlı şəxsə ərə verilməsi iddia olunur.
DenMedia.az xəbər verir ki, hadisə ilə bağlı tərəflərin açıqlamaları isə fərqlidir.
Hadisə Quba rayonunun I Nügədi kəndində baş verib. İddialara görə, azyaşlı qızı 35 yaşlı şəxsə ərə vermək üçün Quba şəhərindəki şadlıq saraylarından birində toy mərasimi təşkil olunub.
Lakin oğlan tərəf deyilənləri təkzib edir. Bəyin atası Mais Orucov bildirir ki, səhhətində ciddi problemlər olduğundan oğluna toy edib. Onun sözlərinə görə, mərasimdə gəlin iştirak etməyib.
Qız tərəf isə bütün deyilənləri yalan adlandırır. Onların iddiasına görə, tərəflər arasında nə elçilik, nə nişan, nə də toy mərasimi baş tutmayıb.
Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, nikah yaşı 18-dir və erkən nikaha cəlb etmə halları cinayət məsuliyyəti yaradır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı artıq araşdırma aparılır.