Kürdəmir rayonunda qeyri-adi xilasetmə əməliyyatı həyata keçirilib.
DenMedia.az xəbər verir ki, rayonun Sor-Sor kənd sakini, 2006-cı il təvəllüdlü Cəfərova Natavan Ramin qızı hamilə olduğu halda evdə olarkən arı sancması nəticəsində barmağında şiddətli şiş yaranıb. Şişən barmaqdakı metal üzük isə gənc qadının sağlamlığı üçün ciddi riskə çevrilib.
Natavan Cəfərovanın yaxınları vəziyyətin ağırlaşa biləcəyindən ehtiyat edərək onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, barmaqdakı üzüyün çıxarılması mümkün olmayıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə xidmətinə müraciət olunub.
Hadisə yerinə gələn FHN-in peşəkar xilasetmə qrupu xüsusi alətlər vasitəsilə barmaqdakı üzüklə bağlı problemi aradan qaldırıb. Əməliyyat uğurla başa çatdıqdan sonra gənc qadına ilkin tibbi yardım göstərilib və o, evinə buraxılıb.
Həkimlər xəbərdarlıq edirlər ki, bu cür hallarda barmaqda üzüyün qalması qan dövranının pozulmasına və daha ciddi fəsadlara səbəb ola bilər. Xilasedicilərin vaxtında müdaxiləsi isə gənc ananın sağlamlığını qorumağa imkan verib.
Aqil Əsədov
DenMedia.az