Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Qıraqlı kəndində ürək parçalayan hadisə baş verib. Kənddə kirayədə yaşayan 1993-cü il təvəllüdlü Mehriban Qafarlı həyatını itirib. İlkin məlumata görə, gənc qadın hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib.
Əslən Qəbələ rayonunun Nohurqışlaq kəndindən olan Mehriban Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd ümumi orta məktəbində informatika fənnini tədris edirdi. Müəllim həm pedaqoji bacarığı, həm də mehriban təbiəti ilə həmkarlarının və şagirdlərinin sevimlisinə çevrilmişdi.
Məktəbin direktoru Zeynal Musayev bildirib ki, Mehriban xanım həm peşəkar, həm də çox qayğıkeş bir insan idi. “O, uşaqlarla ünsiyyəti, dərsə olan məsuliyyəti və sakit xasiyyəti ilə seçilirdi. Onun itkisi bütün kollektivimiz üçün ağır zərbə oldu.”
Müəllim həmkarı Əfqan Osmanov isə deyib ki, Mehriban Qafarlı hər zaman gülümsəyən, həyat dolu bir insan kimi yadda qalacaq. “O, daim şagirdlərinin uğuru ilə sevinirdi. Onu itirmək hamımıza çox təsir edib.”
Gənc müəllimənin qəfil ölümü Qıraqlı kəndində və onun doğulduğu Nohurqışlaqda dərin kədər yaradıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.