Çilidə Torres-del-Payn milli parkında dağa qalxmağa çalışan turistlər qəfil baş verən qar fırtınası səbəbindən “qar tələsində” qalıb.
DenMedia.az xəbər verir ki, hadisə haqqında The Sun məlumat yayıb.
17 noyabrda Los-Perros düşərgəsində olan bir turist xilasetmə xidmətinə mesaj göndərərək bildirib ki, bir neçə nəfər məşhur Peyn massivinin marşrutunda ilişib qalıb. O qeyd edib:
“Bu səhər insanlar Con Qardner aşırımına qalxırdı, amma hava kəskin dəyişdi. Bizi qar basdı, onlar hələ də oradadırlar.”
Məlum olub ki, qrup səhər saat 6 radələrində yola çıxıb. Onların arasında iki alman vətəndaşı, bir britaniyalı, bir meksikalı qadın və şəxsiyyəti dəqiqləşdirilməmiş başqa bir qadın olub. Bir qədər sonra dağlarda küləyin sürəti 19 m/san-a çatıb. Axtarış üçün 25 nəfərlik qrup göndərilib.
18 noyabr səhəri xilasedicilər beş turistin cəsədini tapıb. Hazırda onların təxliyəsi aparılır.
Qar düşərgəsində ilişib qalan digər turistlər isə hələ də kömək gözləyir. Xilasedicinin sözlərinə görə:
“Alpinistlər və xilasetmə komandası yaranmış vəziyyətə görə təhlükə altındadır. Dağa göndərə bildiyimiz hər kəsi göndərdik, amma bizə hələ də kömək lazımdır.”

