Tailandlı bir qadın telefon fırıldaqçılığı ilə məşğul olan cinayətkar qrup tərəfindən oğurlandıqdan sonra işgəncələrə məruz qalaraq həyatını itirib.
Bu barədə The Chosun Ilbo xəbər yayıb.
26 yaşlı Suda ərilə birlikdə Kambocanın Poypet şəhərinə gedib, bundan sonra cütlük cinayətkarlar tərəfindən qaçırılıb. Suda həmin dəstənin məcburi “işçilərindən” birinə çevrilib. Onu və digər qadınları naməlum şəxslərə zəng edərək pullarını dələduzların hesablarına köçürməyə inandırmağa məcbur edirdilər. Hər bir əsirin gündəlik planı var idi — onlar “sahiblərinə” gün ərzində ən azı 100 min bat qazandırmalı idilər.
Suda normanı yerinə yetirə bilməyəndə, onu 1000 dəfə çömbəlmə cəzasına məhkum ediblər. Qadın ağır fiziki yükə dözməyə çalışıb, lakin bir müddət sonra huşunu itirib. Nəzarətçilər onu elektroşokerlə ayıltmağa cəhd etsələr də, buna nail ola bilməyiblər — Suda həyatını itirib.
Cinayətkarlar cəsəddən qurtulmaq üçün onu Pnompendəki buddist məbədinə aparıb kremasiya etdirmək istəyiblər.
Immanuel Foundation xeyriyyə təşkilatının əməkdaşları Sudanın cəsədini məbəddə aşkar edərək kremasiyanın qarşısını alıblar. O, Tailand səfirliyinə təhvil verilib. Fondun nümayəndələri bildiriblər ki, həmin düşərgədə 100-dən çox tailandlı saxlanılır və ən azı dörd ölüm halı qeydə alınıb. Sudanın əri isə hələ də tapılmayıb.

