Parisdə zərgərlik emalatxanasına qızıl və qiymətli daş daşıyan kuryer silahlı hücuma məruz qalıb. Hadisə şəhərin mərkəzində baş verib.
Məlumata görə, kuryer avtomobildən düşən an əvvəlcədən furqonun arxasında gizlənmiş silahlı şəxs onun qarşısını kəsib. Hücumçu tapançanın qundağı ilə kuryeri başından vuraraq huşunu itirməsinə səbəb olub. Daha sonra beş paket içində daşınan zinət əşyalarını ələ keçirərək motorollerlə hadisə yerindən qaçıb.
Fransız mətbuatının məlumatına əsasən, oğurlanan əşyalar arasında təxminən 10 min avro dəyərində qızıl və 150 min avro qiymətləndirilən iri safir olub. Zərbədən sonra kuryer xəstəxanaya yerləşdirilib.
Hazırda hüquq-mühafizə orqanları silahlı qulduru axtarışa verib, lakin indiyədək nə şübhəli şəxs, nə də oğurlanmış zinət əşyaları tapılıb.

