NBC Bay Area telekanalının məlumatına görə, 1 yanvar səhər saatlarında Fairmont San Francisco otelində bir qadın həyat əlamətləri olmadan tapılıb. RTVI yazır ki, hazırda polis meyitin Tommi Li Consun qızına məxsus olduğunu rəsmi şəkildə təsdiqləyə bilmir, çünki məhkəmə-tibbi ekspertiza tərəfindən rəsmi identifikasiya hələ aparılmayıb.
Daily Mail nəşrinin məlumatına görə, otel əməkdaşları qadını huşsuz vəziyyətdə aşkar edən kimi dərhal təcili tibbi yardım çağırıblar və ona süni tənəffüs göstərməyə çalışıblar. Hadisə yerinə gələn təcili yardım briqadası reanimasiya tədbirlərinə baxmayaraq qadını həyata qaytara bilməyib və ölüm faktını qeydə alıb.
Nəşrin mənbəsi bildirir ki, zorakı ölüm əlamətləri və bədəndə xəsarət izləri aşkar edilməyib. Eyni zamanda, hadisə yerində narkotik maddələrin istifadəsinə işarə edən hər hansı əşya tapılmayıb. Mənbənin sözlərinə görə, intihar əlamətləri də müəyyən olunmayıb.
Qeyd edilir ki, Viktoriyanın rəsmi olaraq otelin qonağı olub-olmaması təsdiqlənməyib, eləcə də onun yaşayış qeydiyyatı aparılmadan 14-cü mərtəbəyə necə qalxması sual olaraq qalır.
San-Fransisko Polis Departamentinin nümayəndəsi şəhər sakinlərinə müraciət edərək, Viktoriyanın ölümü ilə bağlı hər hansı məlumatı olan şəxslərin polisə müraciət etməsini xahiş edib.

Məlumata görə, Viktoriya Cons 1991-ci ildə Tommi Li Cons və onun ikinci həyat yoldaşı Kimberli Klaflinin ailəsində doğulub. Uşaqlıq illərində o, kino sahəsində də fəaliyyət göstərib və “Qara geyimli insanlar 2”, “Üç məzar” filmlərində, eləcə də “One Tree Hill” serialında çəkilib.
Qeyd edək ki, Tommi Li Cons məşhur amerikalı aktyordur və “Qaçaq” (The Fugitive) filmindəki ikinci plan roluna görə “Oskar” mükafatına layiq görülüb. Aktyorun 79 yaşı var. Onun Kimberli Klafli ilə evliliyindən iki övladı — oğlu Ostin və qızı Viktoriya dünyaya gəlib.

