Xırdalan şəhərində anbarlarda yanğın baş verib.
Bu barədə **Fövqəladə Hallar Nazirliyi**nin “112” qaynar xəttinə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində aparılan ilkin qiymətləndirmə zamanı müəyyən edilib ki, yanğın ümumi dam altında yerləşən anbarlardan birində baş verib. Ümumi sahəsi 1 000 kvadratmetr olan anbar kompleksi bir-birinə bitişik bir neçə sahədən ibarət olduğundan, alovun digər obyektlərə keçmə riski yüksək olub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb, alovun qonşu anbarlara keçməsinin qarşısı alınıb.
Yanğın zamanı 60 kvadratmetr sahədə anbarın dam örtüyünün taxta konstruksiyaları, eləcə də içəridə olan taxta məmulatları zədələnib. Digər anbarlar tam mühafizə olunub.

