Rusiya DİN-in Altay diyarı üzrə Baş İdarəsinin məlumatına görə, VAZ markalı avtomobilin sürücüsü tənzimlənməyən piyada keçidində 1962-ci il təvəllüdlü qadını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə dayanmayaraq hadisə yerindən qaçıb.
Operativ-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü yerli sakin saxlanılıb.
Prokurorluğun versiyasına əsasən, şübhəli şəxs qəza yerindən qaçdıqdan sonra atasının yaşadığı evə gedib. Evdə ata və oğul arasında mübahisə yaranıb. İddialara görə, o, atasına balta ilə baş və bədən nahiyəsinə çoxsaylı zərbələr endirib. Yaşlı kişi aldığı xəsarətlərdən həlak olub.
Altay diyarının prokuroru Anton German istintaqın gedişini xüsusi nəzarətə götürüb.
112 teleqram kanalının məlumatına görə, faciənin səbəbi atanın yol-nəqliyyat hadisəsinə görə məsuliyyəti üzərinə götürməkdən imtina etməsi olub.

