Məzuniyyətdən qayıtdıqdan sonra özünü yorğun hiss etmək, işə başlamağa güc tapmamaq və ümumiyyətlə, dincəlmədiyini düşünmək peşəkar tükənmişlik sindromunun əlaməti ola bilər.
Bu barədə psixiatr-narkoloq, tibb elmləri namizədi Ruslan İsayev RT-yə müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, uzun müddət gərgin iş rejimində çalışan insanlar bəzən nə qədər yorulduqlarını yalnız istirahətə çıxdıqdan sonra anlayırlar. Belə hallarda işə qayıtmaq düşüncəsi belə insanda narahatlıq və gücsüzlük yarada bilər.
Peşəkar tükənmişliyin əsas əlamətləri emosional yorğunluq, işə marağın azalması, həmkarlarına qarşı əsəbilik və görülən işin mənasız görünməsidir.
Mütəxəssis qeyd edib ki, tükənmişlik zamanı insan işlə bağlı məsələlərdən yorulsa da, sevdiyi məşğuliyyətlərə və dostları ilə ünsiyyətə marağını saxlaya bilər.

Depressiya zamanı isə vəziyyət fərqlidir. İnsan təkcə işə deyil, əvvəllər zövq aldığı fəaliyyətlərə də marağını itirə bilər. Yuxu və iştaha pozuntuları, davamlı yorğunluq, ümidsizlik hissi də müşahidə oluna bilər.
Həkim vurğulayıb ki, oxşar əlamətlər qanazlığı və qalxanabənzər vəzinin fəaliyyətində pozuntular zamanı da yarana bilər.
“Əgər insan məzuniyyətdən sonra yenidən əvvəlki gərgin iş şəraitinə qayıdırsa, təkcə istirahət problemi həll etməyəcək”, – deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, belə hallarda iş qrafikini, vəzifələri və iş yükünü yenidən nəzərdən keçirmək vacibdir. Yorğunluq davam edərsə və gündəlik həyata mane olarsa, həkimə müraciət etmək tövsiyə olunur.

